Mar 29, 2014

Mərakeş Noxud Salatı


Mərakeş mətbəxi çox gözəldir. Burada heç vaxt Mərakeşli tərəfindən hazırlanan xörəklərinin dadına baxmayan birindən bunu eşitmək bir qədər qəribə gələ bilər, amma bu belədir. Lakin bu ölkənin mətbəxi haqqında o qədər kitab ve resept oxumuşam ki, iddiamda yanılmadığımı düşünürəm.
Mərakeş xörəkləri demək olar ki, rəngli, ədvalı, qeyri-adi təamların qarışığından ibarət, şirin və turş, parlaq və dadlı olur. Mən bir neçə Mərakeş reseptini sınaqdan keçirərək maraqlı, ekzotik nəticələr əldə etdim.
Dadlı noxud salatı Mərakeş xörəkləri kitabımdan çoxdan tapdığım yeməklərdən biridir. Bu yaxınlarda qonaqlarımız üçün hazırladım. Düşünürəm ki, onlar bu salatı bəyəndilər.
Soğan və Paprika ilə Mərakeş Noxud Salatı
Orijinal reseptdə 1 xörək qaşığı döyülmüş zirənin qatılması da qeyd olunub. Mən isə ondan ya heç istifadə etmirəm, ya da bir cimdik qatıram. Siz zövqə görə istədiyiniz qədər qata bilərsiz. Yadda saxlamaq lazımdır ki, salata digər ərzaqları qatarkən noxud isti olmalıdır. Belə olan halda noxud bütün təamları özünə yaxşı çəkir.
4 pay üçün
Ərzaqlar:
1 1/4 fincan noxud, gecədən soyuq suda isladılır
1 orta boylu qırmızı soğan, ikiyə bölüb, incə-incə doğranır
4 diş sarımsaq, xırda doğranır
Bir cimdik döyülmüş zirə (vacib deyil)
1 çay qaşığı (və yaxud zövqə görə) paprika
3 xörək qaşığ (və yaxud zövqə görə)zeytun yağı
Təzə sıxılmış 1 limonun şirəsi
Bir qədər doğranmış cəfəri
Bir qədər doğranmış keşniş
120 qram ovulmuş keçi pendiri yaxud hər hansı növ ağ pendir (vacib deyil)
Zövqə görə duz, döyülmüş qara istiot

Hazırlanması:
Suda isladılmış noxudlar süzülür, dərin qazana tökülür. Üzərinə çıxanadək su əlavə edilib qaynamağa qoyulur. Orta dərəcəli odda, noxudlar yumşalana qədər təxminən 45 dəqiqə qaynadılır. Diqqət yetirmək lazımdır ki, noxudlar əzilməsin. Bişmiş noxudların suyu süzülür, qabıqları ovuşdurularaq çıxarılır.
İsti noxudlar bir qaba töküb, üzərinə doğranmış soğan, sarımsaq, zirə, paprika, zeytun yağı və limon şirəsi əlavə edilir və yaxşıca qarışdırılır.
Zövqə görə duz, istiot qatılır, doğranmış göyərtinin çox hissəsi əlavə olunur. Əgər istifadə olunacaqsa salatın üzərinə pendir ovulub tökülür və göyərtinin qalan hissəsi səpilir. Hazır salat isti halda çorəklə birgə süfrəyə verilir.
Kateqoriyalar:

0 comments:

Post a Comment

Ən çox oxunulan